DÜNYA
Serbiya “TurkStream”in bu ölkədən keçəcək hissəsinin tikintisinə hazırlaşır
Bakı, 8 fevral, AZƏRTAC
Serbiya rus təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin (“TurkStream”) bu ölkədən keçəcək hissəsinin inşasına hazırlaşır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Serbiyanın dövlət təbii qaz şirkəti “Srbijagas”ın baş direktoru Dusan Bajatoviç deyib.
Onun sözlərinə görə, tikinti işlərinə mart və ya aprel aylarında başlanması nəzərdə tutulur: “Mərkəzi ofisi İsveçrədə yerləşən, “South Stream Serbia”nın səhmdarı və layihəyə məsul olan “Gastrans” şirkəti boru kəmərinin tikintisi üçün səhmdarlardan 300 milyon avro təmin edib. Boru xəttinin Serbiyadan keçəcək hissəsinin inşasının dekabrın 15-dək tamamlanması nəzərdə tutulur.
Rusiyanın qaz nəhəngi “Gazprom” “South Stream Serbia”nın 51 faizlik, “Srbijagas” 49 faizlik səhmdarıdır. “Gazprom” “TurkStream”in təbii qazı Türkiyə, Bolqarıstan, Serbiya və Macarıstandan keçməklə Avropaya nəql edəcək hissəsini inşa etməyi planlaşdırır. Kəmərin 400 kilometrlik hissəsi Serbiyadan keçəcək və bu ölkənin təbii qaz nəqli sistemini Bolqarıstan və Macarıstan ilə birləşdirəcək.
Qeyd edək ki, “Gazprom” şirkəti bu il layihəyə 102 milyard rubl ayırıb. “TurkStream”ın cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Kəmərin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.