DÜNYA
Serbiyada quraqlıq Dunay çayında suyun səviyyəsinin azalmasına səbəb olub
Belqrad, 19 avqust, AZƏRTAC
Serbiyada müşahidə olunan anomal istilər və quraqlıq səbəbindən Dunay çayının Novi Sad şəhərindən keçən hissəsində suyunun səviyyəsi azalıb.
AZƏRTAC xəbər verir ki, Avropanın ikinci ən böyük çayı olan və Serbiya da daxil olmaqla 10 ölkədən keçən Dunay çayında su səviyyəsi normadan aşağı düşüb.
Serbiyada bu il müşahidə olunan quraqlığın son 80 ilin ən quraq on ili arasında olduğu bildirilir. Çayda suyun səviyyəsinin azalması və temperaturun artması sudakı oksigen miqdarına təsirsiz ötüşməyib. Bu da çaydakı canlılara mənfi təsir göstərir.
Hazırda Dunay çayının Serbiyadan keçən hissəsində suyun səviyyəsi turist gəmiləri üçün nəqliyyatın hərəkətinə mane olacaq vəziyyətdə deyil. Lakin bu vəziyyət yanacaq və yük daşıyan böyük gəmilər üçün problem yaradır.
Qeyd edək ki, uzunluğu 2850 kilometr olan Dunay çayı Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Xorvatiya, Serbiya, Rumıniya, Bolqarıstan, Ukrayna və Moldovadan keçir. Çay hövzəsinə görə Avropada ikincidir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad