SİYASƏT
Serbiyanın RTS 1 kanalında Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulanıb
Belqrad, 10 oktyabr, AZƏRTAC
Serbiyanın RTS 1 televiziya kanalında V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kanalın xarici siyasət şöbəsinin redaktor müavini Neboyşa Kotlayiç Forum haqqında izləyicilərə məlumat verib.
O, Forumda dünyanın bir çox ölkələrindən olan siyasətçilərin, elm adamlarının və jurnalistlərin bir araya gələrək müxtəlif qlobal humanitar problemləri müzakirə etdiklərini bildirib. Forumdakı çıxışının miqrasiya probleminə həsr olunduğunu qeyd edən N.Kotlayiç Bakının gözəlliyindən, qədim və müasir binaların ahəngdarlığından danışıb. O, Serbiya-Azərbaycan münasibətlərindən söhbət açıb, ölkəmizin Serbiyada həyata keçirdiyi humanitar və iqtisadi fəaliyyət barədə xoş sözlər söyləyib.
Bildirilib ki, ilk dəfə 1918-1920-ci illərdə müstəqil olmuş Azərbaycan bu il müstəqilliyinin bərpasının 25 illiyini qeyd edir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad