REGİONLAR
Sərhəd-keçid məntəqələri ilə nəqliyyat əlaqəsini yaxşılaşdıracaq avtomobil yolunun tikintisi sürətlə aparılır VİDEO
Xaçmaz, 8 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avtomobil yolunun ümumi uzunluğu 23,4 kilometr, hərəkət hissəsinin eni isə 15 metrdir. Hazırda marşrutboyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, torpaq işləri həyata keçirilir. Hazırlanan torpaq yatağının eni 21,6 metrdir.
İş icraçısı Vidadi İsmayılov bildirib ki, layihəyə əsasən yolun çəkilişi zamanı Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində bir yolötürücüsünün, Xan Arxı və Samur-Abşeron su kanalı üzərində 2 körpünün, həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi də aparılır.
Avtomobil yolunun yenidən qurulmasında məqsəd Rusiya ilə sərhəddə yerləşən Samur, Şirvanovka və Xanoba sərhəd-keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır. Bundan başqa, yol yeni Bakı-Rusiya magistral avtomobil yoluna birləşəcək. Bununla da, avtomobil yolu sərnişinlərin və ölkə ərazisindən ixrac olunan məhsulları 3 keçid məntəqəsi arasında paylaşdıraraq daha da sürətli transfer rolunu oynayacaq.
“Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması işlərinin iki il ərzində yekunlaşdırılması nəzərdə tutulub.