DÜNYA
Sərhədçilərin girov götürülməsi İrana qarşı növbəti təxribatdır
Tehran, 4 noyabr, AZƏRTAC
Oktyabrın 15-də İranın Pakistanla sərhəd məntəqəsində naməlum silahlı qruplaşma tərəfindən girov götürülən 12 iranlı sərhədçinin taleyi hələ də naməlum qalır.
AZƏRTAC İran mətbuatına istinadən xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin geniş nümayəndə heyəti ilə Pakistana səfəri və burada keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra da sərhədçilərin tapılması istiqamətində aparılan axtarışlar nəticə vermir. M.C. Zərif Pakistana səfəri çərçivəsində baş nazir İmran Xan, xarici işlər naziri Şah Mahmud Kureş və Pakistan ordusunun qərargah rəisi general Kumar Cavad ilə də görüşərək bu məsələni müzakirə edib. Tərəflər səyləri birləşdirib axtarışları davam etmək qərarına gəliblər.
Lakin 12 əli silahlı hərbçinin sanki bir əşya kimi oğurlanıb aparılması və axtarışların nəticəsiz qalması ictimaiyyətdə haqlı sualların yaranmasına səbəb olub. Bəzi mətbuat orqanları hesab edir ki, bu da ABŞ-ın İran ilə Pakistan arasındakı münasibətləri pozmaq üçün növbəti oyunudur. Digərləri isə qeyd edirlər ki, sərhədçiləri narkotik qaçaqmalçılığı ilə məşğul olan silahlı dəstə qaçırıb. Üçüncülər isə yazırlar ki, sərhədçilərin arasında satqın olub. Həmin satqın nəzarət məntəqəsində keşik çəkən sərhədçilərin yeməyinə yuxu dərmanı qatıb və sərhədçilər yeməkdən sonra elə dərin yuxuya gediblər ki, oğurlandıqlarından xəbərləri belə olmayıb. Mətbuatın irəli sürdüyü variantlar həm ağlabatan, həm də mümkündür. Lakin müasir dövrdə- termal və elektron müşahidə cihazlarının olduğu bir zamanda bir qrup adamın müəyyən ərazidə yoxa çıxması yenə də suallar doğurur.
Meydana çıxan və cavabı olmayan sualların yaranmasına baxmayaraq M.C. Zərifin Pakistana səfəri zamanı keçirdiyi görüşlərdə vurğulanıb ki, hər iki dövlət münasibətlərin inkişafında maraqlıdırlar və sərhəd bölgəsində baş verən bu kimi neqativ hallara baxmayaraq rəsmi İslamabad və Tehran təxribatlara uymayacaqlar.
Tərəflərin bəyanatı və axtarışların birgə səylərlə davam etdirilməsi üçün əldə edilən razılaşma onu deməyə əsas verir ki, İrana ilə ABŞ münasibətlərinin gərginləşdiyi və sanksiyaların sərtləşdiyi bir dövrdə sərhədçilərin qaçırılması təsadüfi xarakter daşımır. Bu əməliyyat ciddi şəkildə düşünülərək planlaşdırılıb və iki məqsədə xidmət edir. Birinci məqsəd İran ilə Pakistanın münasibətlərini korlamaq, ikinci isə İran ordusunun qüdrətini şübhə altına salmaqdan ibarətdir. İran yenə də təmkinli addımlar ataraq təxribata uymadı. Xarici işlər naziri M.C. Zərifin Pakistana səfəri də onu göstərdi ki, sərhədçilərin qaçırılmasında güdülən maraq İrana aydın oldu. Odur ki, tərəflər qarşılıqlı ittihamlarda çəkinib birgə axtarışa qərar verdilər. Hələlik isə İran ilə Pakistanın sərhəd məntəqələrində nəzarət artırılıb və axtarışlar davam etdirilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran