İQTİSADİYYAT


“Şərq Tərəfdaşlığı” təşəbbüsü üzrə keçirilmiş videokonfransda Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 29-da Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində videokonfrans formatında 5-ci Enerji Paneli keçirilib. Tədbirdə gündəlik üzrə Şərq Tərəfdaşlığı ölkələrindən 2020-ci ildən sonrakı dövr üçün enerji əməkdaşlığı prioritetləri ilə bağlı gözləntilər, bərpaolunan enerji və mayeləşdirilmiş təbii qaz sahələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Ermənistan təmsilçisi tədbirin gündəliyindən kənara çıxaraq və provokasiya xarakterli çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında yalan və riyakar bəyanatlar səsləndirib, tədbir iştirakçılarını aldatmağa, Ermənistanın işğalçı siyasətinə haqq qazandırmağa və bu ölkəni zərərçəkən qismində qələmə verməyə cəhd göstərib.

Panelin moderatoru, Avropa Komissiyası Enerji Baş Direktorluğunun Beynəlxalq əlaqələr və genişlənmə şöbəsinin müdiri xanım Anne-Charlotte Bournoville xəbərdarlıq edərək tədbirin məqsədinin enerji üzrə ekspertləri bir araya gətirərək gündəlikdə nəzərdə tutulan məsələlərin müzakirəsi ilə bağlı olduğunu bildirib və münaqişələrin müzakirəsi üçün platforma olmadığını deyib.

Azərbaycanı tədbirdə təmsil edən Energetika Nazirliyinin şöbə müdiri əvəzi Otel Hüseynov konfransın gündəliyinə uyğun olaraq çıxışına başlamazdan əvvəl Ermənistan tərəfinin yalan məlumatlar yaymaq cəhdlərinə qəti etirazını bildirərək təşkilatçıları bu tip provokasiya cəhdlərinə rəvac verməməyə çağırıb. O, həmçinin tədbir iştirakçılarına cari il sentyabrın 27-dən başlayaraq Azərbaycanın mülki yaşayış məntəqələrinin, sosial-mədəni və infrastruktur obyektlərinin, o cümlədən strateji əhəmiyyətli enerji infrastrukturunun işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması barədə məlumat verib. Döyüş əməliyyatlarından uzaqda yerləşən şəhər və kəndlərin ballistik raketlərlə, qadağan olunmuş silahlarla atəşə tutulması nəticəsində mülki əhali, o cümlədən azyaşlı uşaqlar arasında çoxsaylı ölən və yaralananların olduğunu, eyni zamanda, Azərbaycanın enerji infrastrukturunun da hədəfə alındığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

O, həmçinin tədbir təşkilatçılarına və iştirakçılarına Ermənistan tərəfinin bu cür provokasiya xarakterli çıxışlarının tədbirin gedişatına və gündəlikdəki məsələlərin müzakirəsinə mane olduğunu bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.