ELM VƏ TƏHSİL
“Şərq Tərəfdaşlıq PLUS” layihəsi çərçivəsində əməkdaşlıq imkanları araşdırılıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (“YT Park”) əməkdaşları Minskdə keçirilən beynəlxalq konfransda iştirak ediblər. Beynəlxalq tədbir "İnnovativ ideyalardan uğurlu biznesə: Şərq Tərəfdaşlığı ölkələrində innovativ şirkətlərin erkən mərhələdə maliyyələşdirilməsində milli sistemlərin təşviq edilməsi" mövzusuna həsr olunub.
“YT Park”-dan AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi Şərq Tərəfdaşlığı ölkələrində startapların, gənc sahibkarların erkən mərhələdə qarşılaşdıqları maneələri müəyyənləşdirmək, Avropa İttifaqına üzv ölkələrin təcrübəsindən istifadə edərək bu maneələri aradan qaldırmaq idi.
Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti “Şərq Tərəfdaşlıq PLUS” (EaP PLUS) layihəsinin əlaqələndiricisi George Bonas ilə görüşüb. Görüşdə AMEA Yüksək Texnologiyalar Parkının həyata keçirdiyi “Elm-Təhsil-Biznes Əməkdaşlığı Platforması” layihəsi çərçivəsində əməkdaşlıq imkanları, avropalı mentorların dəstək proqramları və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.