İQTİSADİYYAT
“Şərq” vaqon deposunda təmir olunan vaqonların sayı artıb
Bakı, 8 yanvar, AZƏRTAC
“Şərq” vaqon deposunda təmir edilən vaqonların sayı artıb.
“ADY Express” MMC-dən AZƏRTAC-a bildirilib ki, Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən və MMC-nin balansında olan “Şərq” vaqon deposu 2020-ci ilə artımla yekun vurub. Azərbaycanda dəmir yolu ilə yükdaşımaların fasiləsiz təmin edilməsi üçün depoda yük vaqonlarının cari və depo təmirləri həyata keçirilir. “ADY Express” ötən il “Şərq” vaqon deposunun fəaliyyətini koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimi şəraitinə uyğun təşkil edərək növbəli iş rejimi yaradıb və vaqonların təmiri prosesi fasiləsiz davam etdirilib. Deponun nəzdində fəaliyyət göstərən bütün sexlərdə işlər əvvəlki qaydada aparılıb. Nəticədə yük vaqonlarının vaxtında təmir işlərinin yekunlaşdırılması və yüklərin nəqlində istifadə olunmasına şərait yaradılıb.
2020-ci ildə depoda təmir olunan vaqonların ümumi sayı 1091 ədəd təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 70 faiz çoxdur. Ən yüksək göstərici ötən ilin noyabrında qeydə alınıb – 147 vaqon. Ötən il təmir olunan yük vaqonları arasında 229 ədəd çən vaqon, 204 yarımvaqon, 219 örtülü vaqon, 218 refrejirator, 219 platforma və 2 taxıldaşıyan vaqon təşkil edib.
Qeyd edək ki, hazırda depoda mərhələli şəkildə təmir-bərpa işləri aparılır. Deponun yenidən qurulması, onun müasir mühəndis və texnoloji avadanlıqlarla təchiz olunması Azərbaycanda mövcud vaqon parkına daxil olan bütün növ yük vaqonlarının təmirinin aparılmasına xidmət edəcək. Deponun yenidən qurulması konsepsiyası, istehsal prosesinin dayandırmamaq şərti ilə maksimal dərəcədə mövcud tikililərin və qurğuların saxlanılması nəzərə alınmaqla hazırlanıb. Beləliklə, hazırda “Şərq” Vaqon deposunda yenidənqurma işləri ilə paralel olaraq texnoloji proses – vaqonların təmiri işləri davam etdirilir.