ELM VƏ TƏHSİL
Şərqşünaslıq İnstitutu ilə İranın elm və təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda akademik Gövhər Baxşəliyeva ilə görüşüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, görüşdə Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva ötən ilin payızında Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı şanlı Qələbədən, hazırda Qarabağın bərpası istiqamətində görülən işlərdən söz açıb.
İnstitut rəhbəri Azərbaycan ilə İran arasında əlaqələrin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük rolu olduğunu qeyd edib. Ölkələrimiz arasında elmi, mədəni əlaqələrdən danışaraq, bu sahədə Şərqşünaslıq İnstitutunda çalışan iranşünas alimlərin mühüm rolu olduğunu bildirib. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda İran tarixi, iqtisadiyyatı, fars dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb. Həmçinin Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 24-də keçiriləcək “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfransa hazırlıq işləri barədə məlumat verib, İranlı alimlərin də konfransda fəal iştirak edəcəklərinə ümid etdiyini bildirib.
Əli Purmərcan Şərqşünaslıq İnstitutunda İranşünaslıq sahəsində görülən işlərdən məmnunluğunu bildirib, iki ölkə alimlərinin əməkdaşlığının əhəmiyyətini qeyd edib.
Görüşdə Şərqşünaslıq İnstitutu ilə İranın elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə konfransların təşkilinə dair fikir mübadiləsi aparılıb. Daha əvvəl razılaşdırılmış və müştərək təşkil olunacaq “İslam sivilizasiyası dünən, bu gün və sabah” mövzusunda beynəlxalq konfransa hazırlıq işlərindən söz açılıb və tədbirin keçirilməsinin dəqiq tarixinin xüsusi karantin rejimindən asılı olaraq müəyyən ediləcəyi bildirilib. Həmçinin Şərqşünaslıq İnstitutu ilə İran Mədəniyyət Mərkəzinin vaxtilə müştərək nəşr etdikləri “Hikmət” elmi-ədəbi jurnalının nəşrinin bərpası qərara alınıb. Bildirilib ki, jurnalda məqalələr müxtəlif əlaqələrimizi əhatə edəcək, tarix, iqtisadiyyat, ədəbiyyatşünaslıq, dilçilik, islamşünaslıq və digər sahələrə aid məqalələr əksini tapacaq. Elmi, mədəni, ədəbi əlaqələrə, farsdilli Azərbaycan ədəbiyyatına xüsusi yer veriləcək.