ELM VƏ TƏHSİL
Şərqşünaslıq İnstitutunda “Nazim Hikmət–120” respublika elmi konfransı keçiriləcək
Bakı, 19 avqust, AZƏRTAC
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən bu ilin oktyabrında Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi və türk sərbəst şeirinin yaradıcısı şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin anadan olmasının 120 illiyi ilə əlaqədar respublika elmi konfransı keçiriləcək.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, “Nazim Hikmət–120” adlı respublika elmi konfransına tezislər qəbul edilir. Tezislər Azərbaycan, türk, rus, ingilis dillərində qəbul olunur. Konfransda iştirak etmək istəyənlər tezislərini oktyabrın 1-dək [email protected] ünvanına göndərilməlidir. Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlər edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.
Konfrans “Nazim Hikmət dövründə türk ədəbiyyatı”, “Nazim Hikmət və Azərbaycan”, “Nazim Hikmət yaradıcılığının təsir dairəsi”, “Nazim Hikmət fikir və sənət aləmində” mövzularını əhatə edir.