ELM VƏ TƏHSİL
Şərqşünaslıq İnstitutunun əməkdaşı İstanbulda keçirilən beynəlxalq konfransda məruzə edib
Bakı, 14 fevral, AZƏRTAC
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Yaxşıxanım Nəsirova Türkiyənin İstanbul şəhərində onlayn formatda keçirilən “Üç qitədə Osmanlı imperatorluğu araşdırmaları” mövzusunda II beynəlxalq konfransda iştirak edib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib. Bildirilib ki, konfransda Y.Nəsirovanın “1728-ci il tarixli Osmanlı sənədinə görə Urmiyada və Salmasda qeyri-müsəlman əhali” adlı məruzəsi dinlənilib.
Məruzə “Defter-i müfəssəl-i liva-i Xalxal və liva-i Urumi” adlı Osmanlı arxiv sənədinin məlumatları əsasında hazırlanıb. Məruzədə XVIII əsrin əvvəllərində Osmanlı hakimiyyəti altına keçmiş Urmiya və Salmas bölgələrində yaşamış əhalinin dini-etnik xüsusiyyətləri əks olunub, mövzuya aid statistik məlumatlar təqdim edilib.
Konfransa 20-yə yaxın ölkədən nümayəndə qatılıb.