ELM VƏ TƏHSİL
Sertifikatlaşdırma ilə bağlı ibtidai sinif müəllimləri üçün vebinarlar təşkil ediləcək
Bakı, 19 avqust, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində ibtidai sinif müəllimlərinə kömək məqsədilə vebinarlar keçiriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, bu gün təşkil olunan Azərbaycan dili və riyaziyyat fənləri üzrə vebinarlarda ibtidai sinif müəllimlərinin daha çox çətinlik çəkdiyi mövzuların izahı nəzərdə tutulur.
Vebinarlar Təlimə Dəstək Mərkəzinin Azərbaycan dili fənni üzrə metodisti Günel Bayramova və riyaziyyat fənni üzrə metodisti İlahə Həmidova tərəfindən Mərkəzin rəsmi feysbuk səhifəsi üzərindən canlı aparılacaq.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı vebinarlar növbəti həftədən hər gün TDM-in rəsmi feysbuk səhifəsi üzərindən canlı davam etdiriləcək.