REGİONLAR
Şərurda sərmayə kapitalı almış qadınların yaşadıqları ünvanlarda monitorinqlər aparılıb
Şərur, 30 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında qadınların məşğulluqlarının təmin olunması daim diqqətdə saxlanılır. Onların işlə təmin edilməsinə, qadınlar tərəfindən ailə təsərrüfatlarının və sahibkarlıq fəaliyyətlərinin qurulmasına və ya genişləndirilməsinə maddi dəstək göstərilir.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komitə tərəfindən sosial layihələr icra olunur, bununla bərabər qadınlara verilən sərmayə kapitalından düzgün istifadə edilməsinə nəzarət üçün mütəmadi monitorinqlər keçirilir.
“Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi və həmin layihənin davamı olan “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” və “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihələri çərçivəsində sərmayə kapitalı almış 5 qadının iş yeri və təsərrüfat sahəsində komitə tərəfindən monitorinqlər aparılıb. Verilmiş sərmayə kapitalı sayəsində damazlıq heyvandarlıq-iribuynuzlu təsərrüfatları ilə məşğul olan Şərur rayonun Ərəbyengicə kənd sakini Kutayis Həsənovanın və Cəlilkənd kənd sakini Sevil Mahmudovanın, damazlıq heyvandarlıq-xırdabuynuzlu təsərrüfatı ilə məşğul olan Çərçiboğan kənd sakini Təranə Süleymanovanın, əkinçilik fəaliyyəti ilə məşğul olan Yengicə kənd sakini Validə Seyidovanın təsərrüfat sahələrində, dərziliklə məşğul olan Qışlaqabbas kənd sakini Nabat Vəliyevanın dərzi sexində monitorinqlər keçirilib.
Monitorinqlər zamanı məlum olub ki, qadın sahibkarların hər biri aldıqları sərmayə kapitalından təyinatlarına uyğun istifadə edərək təsərrüfatlarını və sahibkarlıq fəaliyyətlərini genişləndiriblər. Monitorinq zamanı heç bir neqativ hal və nöqsana rast gəlinməyib.
Sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.