DÜNYA
Səudiyyə Ərəbistanı qətərli zəvvarlar üçün sərhədi açacaq
Ər-Riyad, 17 avqust, AZƏRTAC
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud qətərli zəvvarlar üçün sərhədi açmaq və öz hesabına Dohadan onları ziyarətə pulsuz gətirmək barədə göstəriş verib. Bu barədə krallığın KİV-ləri məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, fərmanda ziyarət etmək istəyən Qətər əhalisi üçün Salva yerüstü sərhəd terminalının açılışı nəzərdə tutulur. Kral, həmçinin öz hesabına “Səudiyyə Hava Yolları” təyyarələrinin yola salınaraq, qətərli zəvvarları ziyarətə daşıması barədə göstəriş verib. Zəvvarların təyyarə ilə Səudiyyə Ərəbistanının Al-Axsa şəhərindən, Dammamda Faxda adına Beynəlxalq Aeroportdan, habelə Dohadan Ciddə aeroportuna daşınacağı gözlənilir.
Qeyd etmək lazımdır ki, hazırda Səudiyyə Ərəbistanı ilə Qətər arasında sərhəd bağlıdır. Belə ki, iyunun 5-də Fars körfəzi ölkələri - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Səudiyyə Ərəbistanı Qətəri terrorizmi dəstəkləməkdə, bölgədə yürütdüyü düşməncəsinə siyasətdə və ərəb dövlətlərinin işinə qarışmasında ittiham edərək onunla diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad