DÜNYA
Səudiyyə Ərəbistanın sədrliyi ilə G20 qrupu ölkələrinin Maliyyə nazirləri pandemiya dövründə kapital volatilliyi problemini müzakirə ediblər
Qahirə, 9 iyul, AZƏRTAC
G20 qrupuna daxil olan ölkələrin Maliyyə nazirləri Səudiyyə Ərəbistanının sədrliyi ilə COVID-19 pandemiyası dövründə kapital volatilliyi problemini müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, videokonfrans formatında keçirilən konfransa Krallığın Maliyyə naziri Məhəmməd Əl-Cədan və Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Mari sədrlik ediblər.
Konfransda qeyd olunub ki, dünyada davam edən ağır səhiyyə və iqtisadi böhran şəraitində hökumətlər və mərkəzi banklar indiyədək görünməmiş fiskal, pul-məzənnə və maliyyə sabitliyi addımları atırlar. Belə ki, 2020-ci ildə yoxsul ölkələrin borclarının ləğvi və maliyyə axınının təmin edilməsi məqsədilə Dünya Bankı tərəfindən həyata keçirilən Borc Xidmətlərinin Dayandırılması təşəbbüsünə 14 milyard dollar məbləğində vəsait ayrılıb. Lakin vəziyyət ağır olaraq qalır. İnkişaf etməkdə olan ölkələrdən kapital axını ən yüksək həddə çatıb.
Maliyyə nazirləri vurğulayıblar ki, görünməmiş iqtisadi böhran fonunda təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. C20 qrupu və Paris Klubu humanitar fəlakətin qarşısını almaq üçün Afrika ölkələrinin kredit borclarını ləğv edən qərar qəbul ediblər. Növbəti addım isə kapital axını problemi ilə qarşılaşan dövlətlərə maliyyə yardımının göstərilməsidir. İnkişaf etməkdə olan ölkələrdə maliyyə sabitliyini təmin etmək üçün ticari əməkdaşlığın canlandırılmasının vacibliyi də vurğulanıb.
Pandemiya dövründə maliyyə məsələlərinin müzakirəsini davam etdirmək məqsədilə iyulun 18-də Maliyyə nazirləri və mərkəzi bankların rəhbərlərinin daha bir konfransının keçirilməsi qərara alınıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə