QAN YADDAŞI
Səudiyyə Ərəbistanında Xocalı soyqırımının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Qahirə, 27 fevral, AZƏRTAC
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib.
AZƏRTAC xəbər verir ki, səfirlikdə keçirilən anım mərasimində, həmçinin Şahin Abdullayevin Səudiyyə Ərəbistanı, Oman və Bəhreyndə yaşayan soydaşlarımızla virtual formatda keçirilən görüşündə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb, XX əsrin ən dəhşətli qətliamlarından biri haqqında ətraflı məlumat verilib.
Səudiyyə Ərəbistanının “Ər Riyad” qəzetində səfir Ş.Abdullayevin “Xocalı faciəsi və itirilmiş ədalət” sərlövhəli məqaləsi də dərc edilib. Məqalədə Xocalı soyqırımı, onun səbəb və nəticələri haqqında geniş məlumat verilir. Qeyd olunur ki, əsas məqsədi etnik təmizləmə olan bu qanlı faciə beynəlxalq hüquq müdafiəsi təşkilatları, o cümlədən “Human Rights Watch” tərəfindən dinc əhaliyə qarşı törədilmiş müharibə cinayəti kimi xarakterizə edilib.
Məqalədə qeyd olunur ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da Xocalıda dinc əhaliyə qarşı qanlı cinayət törədildiyini etiraf edib. Bu dəhşətli faktlar dünyanın bir çox nüfuzlu mətbuat orqanlarında da yer alıb. “Xocalı qırğını və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törətdiyi digər müharibə cinayətləri beynəlxalq hüququn kobud şəkildə pozulması və bəşəriyyətə qarşı böyük günahdır”, - deyə müəllif yazıb. Ş.Abdullayev diqqətə çatdırıb ki, bu qanlı faciənin beynəlxalq aləmə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanan və davam edən “Xocalıya ədalət!” kampaniyasının böyük rolu olub. Bütün dünyada 120 mindən çox insanın və 115 təşkilatın qoşulduğu bu kampaniya nəticəsində Xocalı soyqırımı daha geniş auditoriyaya çatdırılıb.
Yazının sonunda vurğulanır: “Bu gün Xocalı soyqırımı qurbanlarının ruhu rahatdır. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və ərazi bütövlüyümüz bərpa olunub. Bundan sonra müstəqilliyimiz daha da möhkəmlənəcək, xalqımıza və dövlətimizə qarşı ağır cinayətlər törədənlərin ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində lazımi tədbirlər görüləcək”.
Bundan başqa, səfirliyin dəstəyi ilə İƏT-ə üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) əməkdaşı Hazem Abdonun Azərbaycan telekanallarından birinə müsahibəsi təşkil olunub, habelə UNA-nın rəsmi saytında Xocalı soyqırımı haqqında məqalə dərc etdirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə