DÜNYA
Səudiyyə Ərəbistanının təklifi ilə qlobal neft bazarında vəziyyət müzakirə ediləcək
Qahirə, 17 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanının təklifi ilə qlobal enerji liderləri Beynəlxalq Enerji Forumu (IEF) çərçivəsində keçiriləcək virtual sessiyada qlobal neft bazarında son vəziyyəti müzakirə edəcəklər.
AZƏRTAC “Arabnews” qəzetinə istinadla xəbər verir ki, IEF-in sessiya ərəfəsində yaydığı hesabatda COVID-19 pandemiyası nəticəsində mürəkkəb dövr keçirmiş neft sənayesinin vəziyyəti açıqlanıb. Sessiyada OPEC və Beynəlxalq Enerji Agentliyinin (IEA) ekspertlərinin iştirakı ilə yaxın aylarda hasilatın optimal variantları da müzakirə olunacaq.
Səudiyyə Ərəbistanının enerji naziri, şahzadə Əbdüləziz bin Salmanın sədrlik edəcəyi sessiyada 2021-ci ilin sonunadək “OPEC+” çərçivəsində hasilatın tənzimlənməsi ətrafında fikir mübadiləsi aparılacaq. Belə ki, Ər-Riyadın birtərəfli qaydada hasilatı 1 milyon barrel azaltmasının müddəti martın 1-də başa çatır. Bundan sonra Səudiyyə Ərəbistanının hasilatı yenidən artıracağı istisna edilmir. Bu məsələ fevralın 16-da Rusiya Prezidenti Vladimir Putin və krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığında da müzakirə edilib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, hazırda qlobal neft bazarında tarazlıq hökm sürür və qiymətlər bugünkü şəraitə uyğundur.
Ər-Riyad, həmçinin qeyd edib ki, pandemiya şəraitində enerji tələbatında yazın aylarda olacaq vəziyyəti dəqiq proqnozlaşdırmaq mümkün deyil. Neftin qiymətləri dünyada, xüsusən inkişaf etmiş ölkələrdə tələbatın artıb azalması, makroiqtisadi göstəricilərdən də asılı olacaq. IEA 2021-ci ildə qlobal iqtisadiyyatın 5,2 faiz, OPEC isə 4,4 faiz artacağını proqnozlaşdırır. Dünyada ən sürətli iqtisadi artımın müşahidə olunduğu Hindistanda bu rəqəmlər 9,3 və 6,8 faizdir. Bütün bunlar o deməkdir ki, cari ildə enerji tələbatında artım davam edəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə