MƏDƏNİYYƏT


Sevda Məmmədəliyeva Avstriyanın elm və incəsənət üzrə fəxri xaç ordeni ilə təltif edilib

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Avstriya Respublikasının elm və incəsənət üzrə fəxri xaç ordeni ilə təltif edilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ordenin təqdimat mərasimində Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex iki ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində gördüyü işlərə görə Sevda Məmmədəliyevaya təşəkkürünü bildirib. Diplomat ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə edib.

Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopf ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu bildirib, gələcək əməkdaşlıq üçün geniş perspektivlərin mövcudluğunu diqqətə çatdırıb. Bir çox sahələrdə, xüsusilə mədəniyyət sahəsində əməkdaşlığın intensivliyinin artdığı, təşkil edilən müxtəlif mədəni tədbirlərin bunun göstəricisi olduğu vurğulanıb. Karlhaynts Kopf Sevda Məmmədəliyevaya iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan tərəfindən dəstəklənməsində göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

Xoş sözlərə görə minnətdarlıq edən Sevda Məmmədəliyeva Azərbaycan ilə Avstriya arasında mədəniyyət sahəsində əməkdaşlığın iki ölkənin dostluğunun göstəricisi olduğunu vurğulayıb. O, ordenin təqdimatının Bakıda birinci Avropa Oyunlarının keçirildiyi vaxta təsadüf etməsindən məmnunluğunu ifadə edib.

Qarşılıqlı anlaşma və dostluq prinsiplərinə əsaslanan Avstriya-Azərbaycan əlaqələrinin böyük perspektivlərə malik olduğu, xalqlarımız arasında əlaqələrin hər iki ölkə rəhbərliyinin diqqəti sayəsində sürətlə inkişaf etdiyi vurğulanıb.

Sevda Məmmədəliyeva 2006-cı ildə Vyana şəhərində müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin büstünün, 2011-ci ildə Bakıda dahi Avstriya bəstəkarı Volfqanq Amadey Mosartın abidəsinin qoyulmasını mədəni əməkdaşlığımız tarixində əhəmiyyətli hadisələr kimi qiymətləndirib.

Daha sonra Karlhaynts Kopf Sevda Məmmədəliyevaya Avstriya Respublikasının elm və incəsənət üzrə fəxri xaç ordenini təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.