CƏMİYYƏT
“Şəxsi keyfiyyətlərin təkmilləşdirilməsi” mövzusunda təlim keçirilir
Bakı, 25 iyun, AZƏRTAC
“Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində “Şəxsi keyfiyyətlərin təkmilləşdirilməsi” adlı təlimə başlanılıb. İki günlük təlimin aparıcıları Litva Respublikasının Əmək nazirinin müavini Egle Radisauskiene və ekspert Nijole Daldienedir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlimdə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri üzrə Məşğulluq Mərkəzlərinin, Abşeron rayonu və Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktorları, Bakı şəhər Məşğulluq Mərkəzinin və nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin əməkdaşları iştirak edir.
İştirakçılarla birgə komanda quruluşu, ünsiyyət və qrup fəaliyyəti, müzakirə bacarıqları, layihənin və vaxtın idarə edilməsi, stresslə mübarizə bacarığı kimi mövzular müzakirə edilir. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.