ELM VƏ TƏHSİL
Seysmoloqlar Azərbaycan-Fransız Universitetinin tələbələrinə təlim keçiblər
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə Azərbaycan-Fransız Universiteti arasında əldə olunmuş razılaşmaya əsasən, mərkəz əməkdaşları universitetin 4-cü kurs tələbələrinə geofiziki cihazlardan istifadə və həmin cihazlarla aparılan tədqiqatlar zamanı alınmış məlumatların emal edilməsinə dair təlim keçiblər.
RSXM-dən AZƏRTAC-a bildiriblər ki, Qobu ərazisində seçilmiş poliqonda təlim Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, dosent Etibar Qaravəliyev, Qravimetrik tədqiqatlar şöbəsinin müdiri Elçin Bağırov, Maqnitometriya şöbəsinin böyük elmi işçisi Nadirşah Xanbabayev və şöbənin əməkdaşı Mahir Zeynalov tərəfindən aparılıb.
Beş gün davam edən təlimdə, həmçinin Fransanın Strasburq Universitetinin əməkdaşları Maksim Bano GPR, Sheldon Varden elektrik və elertomaqnit tədqiqat işləri üzrə təlim kurslarını təqdim ediblər.
Çöl işləri tələbələrin marağına səbəb olduğundan onlar bakalavr buraxılış işlərini RSXM-dən götürəcəklərini bildiriblər.