REGİONLAR


“Şeyx Cüneyd” türbəsi - Qızılbaşların Qusardakı yadigarı VİDEO

Qusar, 14 fevral, Elxan Yusifli, AZƏRTAC

Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin şərəfinə ucaldılmış XVI əsrə aid türbə Qusarın ən mühüm tarixi-memarlıq abidələrindən biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Həzrə kəndində yerləşən türbəni hər il 800-dən çox yerli və əcnəbi turist ziyarət edir.

Türbədə dəfn olunan Şeyx Cüneyd Səfəvi şeyxidir. Şirvanı istila etmək niyyətində olan Şeyx Cüneydin qarşısı Şirvanşah Xəlilullah tərəfindən kəsilib. 1460-cı ildə Samur çayının sol sahilində yerləşən Qıpçaq kəndində baş verən döyüşdə qızılbaş qoşunları məğlubiyyətə uğrayıb, Şeyx Cüneyd isə həlak olub. Şeyxin müridləri onun cənazəsini Samur çayının sağ sahilinə gətirərək Həzrə kəndində dəfn ediblər.

Məzar üzərində türbə 1544-cü ildə tikilib. Tarixi mənbələrdə Şeyx Cüneydin Şah İsmayıl Xətainin ulu babası olduğu göstərilir. Şeyx Cüneydin nəşinin qalıqları onun tərəfindən Ərdəbilə aparılaraq torpağa basdırılıb.

Ölümündən 84 il sonra Səfəvi hökmdarı I Təhmasib babasının xatirəsinə həm Ərdəbildə, həm də indiki Qusar rayonunun Həzrə kəndində eyni tipli türbə tikdirib. Həzrədəki türbənin inşasında Ərdəbil sənətkarları da iştirak edib.

Beş yüz ilə yaxın yaşı olan türbə keçmiş sovetlər dövründə müxtəlif məqsədlər üçün istifadə edilib. Müstəqillik dövründə isə tarixi məbədə diqqət yenidən artırılıb, türbə təmir olunaraq ətrafı abadlaşdırılıb.

Tarixi abidənin nəzarətçisi Məhbubə Kərimova bildirib ki, bişmiş kərpicdən inşa edilən türbə daxildən və xaricdən düzbucaqlı plana malikdir. Türbənin üzəri böyük günbəzlə örtülüb. Əvvəllər bu günbəz başqa formaya malik olub. Sonradan ona bitişik məscid tikilməsi və damının yenilənməsi nəticəsində türbə öz əvvəlki görkəmini dəyişib. Abidənin qərb qapısı üzərində yeddi sətirdən ibarət, ərəb dilində nəsx xətti ilə kitabə həkk olunub.

Türbənin interyerinin tarixi görkəmi qorunub saxlanılıb. Burada günbəzə keçid təşkil edən stalaktitlər diqqəti cəlb edir. Türbənin daxili divarları iki metrə qədər bənövşəyi və firuzəyi kaşı ilə örtülüdür. Şeyx Cüneydin məzarı üzərindəki sənduqə bərk ağacdan nəfis işlənmiş şəbəkəli çərçivə içərisinə alınaraq, üzərində minbər qoyulub.

Qusara gələn əksər qonaqların bu tarixi abidəni görmək istəyi nəzərə alınaraq, türbəyə səyahət əsas turizm marşrutlarına salınıb.

Həmçinin tarix dərslərinin proqramına uyğun olaraq şagirdlər “Şeyx Cüneyd” türbəsi ilə əyani tanış olurlar. Bununla yanaşı, hər il “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində respublikanın şimal bölgəsinə gələn məktəblilərdən ibarət qruplar da Qusar rayonunun görməli yerləri ilə tanışlıq çərçivəsində bu abidəni ziyarət edirlər.

Türbənin yaxınlığında qədim qəbiristanlıq da yerləşir. Deyilənə görə, bu qəbiristanlıqda Səfəvi döyüşçüləri dəfn edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.