REGİONLAR
Səyyar “ASAN xidmət” Astara rayonunda əhaliyə xidmət göstərir
Astara, 6 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Səyyar “ASAN xidmət” Astara rayonunda əhaliyə xidmət göstərir. Rayon sakinləri oktyabrın 12-dək “ASAN xidmət”in fəaliyyətindən yararlana bilərlər.
AZƏRTAC xəbər verir ki, sentyabrın 28-dən etibarən səyyar “ASAN xidmət”də əhaliyə Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xidmətlər təqdim olunur.
Sakinlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmət göstərilir.
Rayon sakinləri onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq edirlər.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.