REGİONLAR
Səyyar “ASAN xidmət” iyulun 5-dən etibarən daha üç bölgədə fəaliyyətə başlayacaq VİDEO
Qusar, 2 iyul, Elxan Yusifli, AZƏRTAC
Xəbər verdiyimiz kimi, səyyar “ASAN xidmət” iyulun 1-dən başlayaraq Qusar rayonunda fəaliyyət göstərir. Qusar və Quba rayonlarının 250 mindən çox sakini iyulun 15-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlana biləcəklər.
AZƏRTAC xəbər verir ki, adıçəkilən rayonların sakinləri elə ilk gündən səyyar şəkildə göstərilən xidmətlərdən fəal faydalanmağa başlayıblar. Vətəndaşlar “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.
Qusar səyyar “ASAN xidmət”in qrup rəhbəri Habil Quliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, habelə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlar saat 9-dan 18-dək səyyar xidmətlərdən yararlana bilərlər.
Qusarla yanaşı, səyyar “ASAN xidmət” iyulun 1-dən Qazax rayonunda da xidmətə başlayıb. Burada da 15 gün ərzində vətəndaşlara səyyar xidmətlər göstəriləcək.
İyulun 5-dən isə səyyar “ASAN xidmət” növbəti üç bölgədə fəaliyyətə başlayacaq. Səyyar qruplar Qaxda (Qax, Balakən və Zaqatala sakinləri üçün), Şirvanda (Şirvan və Salyan sakinləri üçün) eləcə də Şamaxıda vətəndaşlara xidmət göstərəcək.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.