REGİONLAR
Səyyar xidmətin fəaliyyəti vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir
Naxçıvan, 7 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2015-ci il martın 7-də yaradılan səyyar xidmətin fəaliyyəti hər bir naxçıvanlı tərəfindən yüksək qiymətləndirilir. Belə ki, bu il ərzində xidmətə 2 min 700-dək müraciət edilib.
AZƏRTAC xəbər verir ki, səyyar xidmət üçün nazirliyə “Hyundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq səyyar xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib. Səyyar xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Avtomobildə quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara verilməsinə imkan yaradıb.
Ötən il səyyar xidmətə 6 min 62 müraciət olub. Onlardan 4 min 627-si şəxsiyyət vəsiqəsi, 1386-sı sürücülük vəsiqəsi, 5-i ümumvətəndaş pasportu, 44-ü məhkumluq arayışı almaq üçün olunan müraciətlərdir.
Ötən 6 ayda Şərur, Sədərək, Ordubad, Culfa, Babək, Şahbuz və Kəngərli rayonlarında iki dəfə səyyar xidmət göstərilib. Üçüncü dəfədir ki, xidmət muxtar respublikanın rayonlarında fəaliyyətini davam etdirir. Bu dövrdə xidmətə 2 min 676 müraciət edilib. Onlardan 1971-i şəxsiyyət vəsiqəsi, 688-i sürücülük vəsiqəsi, 16-sı məhkumluq arayışı, 1-i ümumvətəndaş pasportu almaq üçün olunan müraciətlərdir.
Səyyar xidmət hazırda Babək rayonunda sakinlərin müraciətlərini qəbul edir.