DÜNYA
Si Cinpin 3-cü dəfə Çin Kommunist Partiyasının baş katibi seçilib VİDEO
Pekin, 23 oktyabr, AZƏRTAC
Çin Kommunist Partiyasının (ÇKP) 20-ci qurultayında partiyanın yeni formalaşmış 205 nəfərlik Mərkəzi Komitəsinin oktyabrın 23-də keçirilmiş ilk plenumunda ÇKP-nin Mərkəzi Komitəsinin hazırkı baş katibi, Çin Xalq Respublikasının Sədri Si Cinpin yenidən Mərkəzi Komitənin baş katibi seçilib.
AZƏRTAC xəbər verir ki, Si Cinpin Çin kommunist inqilabının lideri Mao Cedondan sonra 3-cü dəfə partiyanın rəhbəri seçilən ilk şəxsdir. ÇKP-nin Mərkəzi Komitəsinin baş katibi seçilən şəxs Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının növbəti illik iclasında (adətən mart ayının əvvəlində keçirilir) Çin Xalq Respublikasının sədri vəzifəsinə yeganə namizəd olur. 2018-ci ildə ölkə konstitusiyasına edilmiş dəyişiklik bir nəfərin 2 dəfədən çox ÇXR sədri seçilməsinə olan məhdudiyyəti aradan qaldırıb.
İlk plenumda Mərkəzi Komitənin 25 nəfərlik Siyasi Bürosunun, Siyasi Büronun 7 nəfərlik Daimi Komitəsinin yeni tərkibi müəyyən olub. Si Cinpin həm də Siyasi Büronun Daimi Komitəsinin 7 üzvündən biri seçilib. Qanunverici orqanın illik iclasında növbəti 5 il müddətinə ÇXR Sədrindən başqa, Dövlət Şurasının sədri (Baş nazir), ali qanunverici orqan olan Xalq Nümayəndələri Yığıncağının sədri, məşvərətçi orqan olan Xalq Siyasi Məşvərət Şurasının sədri, Baş nazirin birinci müavini və digər rəhbər vəzifələr məhz Siyasi Büronun Daimi Komitəsinin üzvləri arasından müəyyən olunur.
Qeyd edək ki, oktyabrın 17-22-də keçirilmiş Çin Kommunist Partiyasının 20-ci qurultayında təxminən 2 min 300 nümayəndə və xüsusi dəvət olunmuş şəxs iştirak edib. Qurultay nümayəndələri 96 milyondan çox üzvü olan ÇKP-nin 4,9 milyon ərazi ilk təşkilatını təmsil edib. Beş ildən bir keçirilən qurultayda partiyanın Mərkəzi Komitəsinin və Mərkəzi İntizam Nəzarəti Komitəsinin ötən beşillik fəaliyyətlərinə dair hesabat məruzələri, habelə nizamnaməyə təklif olunan düzəlişlər müzakirə edilib və təsdiqlənib. Qurultayda partiyanın əsas orqanı olan Mərkəzi Komitənin 205 nəfərlik tərkibi, habelə Mərkəzi İntizam Nəzarəti Komitəsinin 133 nəfərlik yeni tərkibi formalaşdırılıb. Dövlət Şurasının hazırkı sədri (Baş nazir) Li Keçyanın, ali qanunverici orqanın sədri Li Canşunun, məşvərətçi orqanın sədri Van Yanın, Baş nazirin müaviniləri Han Cenin və Liu Henin adı Mərkəzi Komitənin yeni tərkibində yoxdur. Bu, o deməkdir ki, həmin şəxslər ali qanunverici orqanın növbəti illik iclasında vəzifələrinin icrasını başa vuracaqlar.
1921-ci ildə yaradılan Çin Kommunist Partiyası 28 illik mübarizədən sonra inqilab sayəsində hakimiyyətə gəlib və 1949-cu ildə Çin Xalq Respublikası yaradılıb. ÇKP üzvlərinin sayına görə dünyada ən böyük siyasi partiyalardan biridir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin