ORDU
Silah və hərbi texnika qış mövsümündə istismar rejiminə keçirilir VİDEO
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi prosesi aparılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqla təmin edilib.
Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materialları dəyişdirilib, onlara planlı şəkildə qulluq göstərilib.
Qış istismar rejiminə keçid soyuq iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə icra olunub.