ORDU
Silahlı Qüvvələr Günü münasibətilə NATO-nun mənzil qərargahında rəsmi qəbul təşkil olunub
Bakı, 25 iyun, AZƏRTAC
Silahlı Qüvvələrimizin yaranmasının 98-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında hərbi nümayəndəliyi tərəfindən Brüsseldə bu qurumun mənzil qərargahında rəsmi qəbul keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə üzv dövlətlərin NATO yanındakı səfirləri, diplomatik korpusun digər üzvləri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin hərbi nümayəndələri, qurumun Beynəlxalq Katibliyinin, Beynəlxalq Hərbi Qərargahının təmsilçiləri, NATO-nun idarə və agentliklərinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri iştirak ediblər.
Tədbirdə qonaqlara Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə məlumat verilib. Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında mühüm tərəfdaş olması xüsusi vurğulanıb.
Qəbulda Azərbaycan və onun Silahlı Qüvvələri barədə videomateriallar nümayiş etdirilib, qonaqlara milli mətbəximizin nümunələri təqdim olunub.