REGİONLAR
Şimal bölgəsi üzrə 6 seçki dairəsində seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara yekun vurulub
Qusar, 17 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” çərçivəsində dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə təşkil olunan ixtisaslaşdırılmış kurslar başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 51 saylı Qusar seçki dairəsində təşkil olunan kursun sonuncu günündə üç əsas mövzu üzrə maarifləndirmə işi aparılıb, müvafiq təlimatlar verilib.
Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Şahin Əsədli məruzəsində seçki prosesində KİV-lərin rolundan, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrindən danışıb. Bildirilib ki, seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq mühüm prinsiplərdən biridir. Şəffaflığa xidmət edən bu meyarın təmin olunması məqsədi ilə seçki kampaniyası zamanı müxtəlif metod və qaydalardan, fərqli müşahidə formalarından istifadə olunur.
Daha sonra Qusar Rayon Prokurorluğunun əməkdaşı Nahid Hüseynov seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri haqqında ətraflı məlumat verib.
Dairə seçki komissiyalarının üzvləri və 62 məntəqə seçki komissiyasının sədrlərinin qatıldığı kursda bildirilib ki, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə şərait yaradır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən keçirilən tədbirlər dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsində, onların peşə hazırlığının daha da təkmilləşdirilməsində mühüm rol oynayır.
Dairə seçki komissiyasının sədri Cəlil İbrahimov məruzəsində bələdiyyə seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi, həmçinin bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri haqqında məlumat verib.
Bildirilib ki, Azərbaycanda daim təkmilləşən və dünya təcrübəsini özündə əks etdirən seçki qanunvericiliyi formalaşıb. Seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazalarının gücləndirilməsinə göstərilən xüsusi diqqət və qayğı qarşıdakı seçki kampaniyasını da uğurla həyata keçirməyə imkan verir.
Daha sonra mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Oktyabrın 17-də 51 saylı Qusar seçki dairəsi ilə yanaşı, şimal bölgəsində yerləşən 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairələrində də ixtisaslaşdırılmış kurslara yekun vurulub.