REGİONLAR
Şimal bölgəsində ucqar kəndlərə işləyən avtobuslarda ehtiyat tədbirlər görülüb VİDEO
Quba, 31 yanvar, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın şimal bölgəsinə beş gündür ki, qar yağmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, şimal bölgəsində ən çox qar Qubanın dağlıq ərazilərinə düşüb. Rayonun Susay kəndində qarın hündürlüyü 33 santimetrə çatır. Ən aşağı temperatur isə Qırız kəndində qeydə alınıb. Burada temperatur mənfi 18 dərəcə təşkil edib.
Qarın yağması ilə əlaqədar şimal bölgəsinin dağlıq ərazilərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, bütün istiqamətlərdə yollar açıqdır.
Quba avtovağzalının növbə rəisi Rəhman Dadaşov AZƏRTAC-a bildirib ki, rayonun bütün kəndlərinə marşrutlar qrafikə uyğun hərəkət edir. Avtovağzaldan, ümumilikdə, 52 istiqamətdə avtobus reysi var ki, bunların da 45-i kəndlərə işləyir. Yolların buz bağlanması ilə əlaqədar ucqar kəndlərə işləyən avtobuslarda ehtiyat tədbirlər görülüb. Sürücülər zəncir və digər köməkçi vasitələrlə təmin olunub.
Quba-Xınalıq yolunda da avtomobillərin hərəkəti üçün maneə yoxdur. Buna baxmayaraq, həmin istiqamətdə yalnız xüsusi avtomobillər hərəkət edə bilir. “Azəravtoyol” ASC-nin yerli qurumlarının növbətçi briqadaları gün ərzində yolu qardan təmizləyərək avtomobillərin hərəkətini təmin edir.