REGİONLAR
Şimal bölgəsinin vətəndaşları səyyar “ASAN xidmət”in təqdim etdiyi yeniliklərdən faydalanmaq imkanı qazanıb VİDEO
Xaçmaz, 6 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 1-dən başlayaraq Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının 500 minə yaxın sakini üçün səyyar “ASAN xidmət”dən faydalanmaq imkanı yaradılıb.
AZƏRTAC xəbər verir ki, şimal bölgəsində yaşayan sakinlər sentyabrın 30-dək Xaçmaz şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətindən yararlana biləcəklər.
Xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar saat 9-dan 18-dək Xaçmaz şəhəri, Bakı prospekti 20 A ünvanında fəaliyyət göstərən səyyar “ASAN xidmət” əməkdaşlarına müraciət etməlidirlər.
Daha bir yenilik ondan ibarətdir ki, vətəndaşlar səyyar “ASAN xidmət”ə müraciət edərək müxtəlif sənədlərini qısa müddətdə 40 əcnəbi dilə tərcümə etdirə bilərlər.
Vətəndaşlar “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət edirlər.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.