REGİONLAR
Şimal rayonlarından olan 120 məktəbli Lənkəran-Masallı-Astara marşrutu üzrə ekskursiyaya yola salınıb
Xaçmaz, 15 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 15-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən tur-aksiyanın şimal rayonlarından olan iştirakçıları Lənkəran-Masallı-Astara marşrutu üzrə yola çıxıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cənub bölgəsinə ekskursiyada Quba, Qusar və Xaçmaz rayonlarının 120 nəfər yuxarı sinif şagirdi, onları müşayiət edən müəllimlər iştirak edir.
Yolasalma mərasimində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova məktəblilərə Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb. Bildirilib ki, ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri 4 gün ərzində cənub bölgəsinə səyahət zamanı Lənkəran, Masallı və Astara rayonlarının tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, bölgənin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Tur-aksiyada iştirak edən məktəblilər belə bir imkanı yaratdığı üçün dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra məktəblilər xüsusi avtobusla ekskursiyaya yola salınıblar.