MƏDƏNİYYƏT
Şimali Afrikanın nüfuzlu “Tourisme” jurnalında Azərbaycan haqqında geniş məqalə dərc olunmuşdur
Bakı, 19 mart (AZƏRTAC). Şimali Afrika regionunun nüfuzlu fransızdilli “Tourisme” jurnalında Azərbaycanın turizm imkanları və mədəniyyəti haqqında geniş məqalə dərc olunmuşdur.
Azərbaycanın Misirdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, məqalə Əlcəzair və Böyük Britaniya vətəndaşlığı olan jurnalist və tədqiqatçı Fadela Börd tərəfindən hazırlanmışdır.
Azərbaycanda gördüklərindən yazan F.Börd ölkəmizə səfərinin Fəxri xiyaban və Şəhidlər xiyabanından başladığını qeyd etmişdir. Məqalədə vurğulanır ki, “küləklər şəhəri” adlanan Bakıda müasir binaların tikilməsinə baxmayaraq, İçərişəhər və Şirvanşahlar saray kompleksinin özünəməxsusluğu qorunub saxlanılmışdır.
İçərişəhəri və Şirvanşahlar sarayını ətraflı təsvir edən müəllif məğrur Qız qalasının ziyarətçiləri suallara qərq etdiyini yazır. F.Börd Miniatür kitab muzeyi, Qobustan arxeoloji qoruğu, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində gördüklərindən heyran qaldığını bildirmiş, Azərbaycan hökumətinin milli irsin qorunması naminə muzeylərin yaradılması və bərpası istiqamətində gördüyü işlərin yüksək təqdirəlayiq olduğunu vurğulamışdır.
1912-ci ildə tikilmiş Bakı Dövlət Filarmoniyasının ecazkarlığından bəhs edən müəllif folklor musiqi konsertinin, qadın və kişi rəqqasların milli geyimlərinin və rəqslərinin yüksək təəssüratlar doğurduğunu qeyd edərək, sənət ustalarının möhtəşəm istedad və qabiliyyətə malik olduqlarını oxucuların diqqətinə çatdırmışdır.
Çağdaş arxitektura üslubunda və incə zövqlə tikilmiş Müasir İncəsənət Muzeyinin sanki əllərini açaraq qonaqlara xoş gəlmisiniz dediyini yazan F.Börd burada gördükləri əsərlərdən və sərgi otaqlarının özünəməxsus dizayn üslubundan yüksək təəssüratlar əldə etdiklərini qeyd etmişdir. Müəllif səfər çərçivəsində növbəti ziyarət məntəqəsi olan Nobel qardaşlarının evi və “Atəşgah məbədi” haqqında da oxuculara ətraflı məlumat vermişdir.
Qatarla Şəkiyə səfərin ayrıca bir macəra olduğunu yazan F.Börd gözləri qarşısında açılan mənzərədən, xüsusilə yaşıl otlaqlar, dağlar və s. gözəlliklərdən valeh olduğunu qeyd edərək, şəhərin zəngin tarixi irsini və mədəniyyətini peşəkar jurnalist və elmi-tədqiqatçı kimi təsvir etmişdir.
Məqalədə Qəbələ və Lahıcın da özünəməxsus gözəllikləri və tarixi-mədəni irsi barədə də məlumat verilmişdir. Müəllif Bakıya qədər olan yol boyunca gördüyü təbii mənzərələri ətraflı təsvir etmişdir.
Azərbaycana səfərin təəccüblü və maraqlı təəssüratlarla dolu olduğunu yazan F.Börd məqaləni “Biz Azərbaycanı sevdik” deyərək bitirmişdir.