DÜNYA


Şimali Koreya ABŞ-la danışıqların uğursuz alınmasından məyus olub

Bakı, 15 mart, AZƏRTAC

KXDR xarici işlər nazirinin müavini Soy Son Hi ölkə hakimiyyətinin nüvəsizləşdirmə məsələsinə dair Vaşinqtonla növbəti danışıqların aqibəti məsələsi üzərində düşündüyünü bildirib.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Soy Son Hinin sözlərinə görə, Pxenyan ABŞ-KXDR arasında Hanoy şəhərində keçirilən ikinci sammitinin gedişində tərəflərin sazişə nail olmaq cəhdlərinin uğursuzluğundan məyus olub.

KXDR lideri Kim Çen Inın danışıqların dayandırılması barədə qərarını yaxın zamanlarda elan edəcəyi gözlənilir. Bununla yanaşı, Soy Son Hi ABŞ-ın Pxenyanla sazişə nail olmaq imkanını əldə buraxdığı üçün Şimali Koreyanın raket və nüvə silahlarının sınağı hüququnu özündə saxladığını qeyd edib.

Fevralın 27-28-də Hanoyda baş tutan sammitdə iştirak edən KXDR xarici işlər nazirinin müavini ABŞ-ın danışıqlar üzrə mövqeyini “ekssentrik” adlandırıb. Onun fikrincə, tərəflər arasında düşmənçilik və etimadsızlıq mühiti ABŞ-ın dövlət katibi Mayk Pompeo və təhlükəsizlik üzrə müşavir Con Boltonun ucbatından yaranıb. Soy Son Hinin sözlərinə görə, sammitdən sonra Donald Trampın yüksək vəzifəli müşavirlərinin bəyanatları tərəflər arasında münasibətləri yalnız korlayıb. Buna baxmayaraq, ABŞ Prezidenti və KXDR lideri arasında münasibətlər əvvəlki kimi yaxşıdır.

Xatırladaq ki, Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammitinin gedişində, həmçinin nüvəsizləşdirmə məsələsi müzakirə olunub. Ekspertlərin əksəriyyəti Koreya müharibəsinin sona çatması barədə birgə formal deklarasiyanın imzalanacağını gözləsə də, Donald Tramp və Kim Çen In arasında danışıqlar hər hansı sənəd imzalanmadan sona çatıb. Buna baxmayaraq, Donald Tramp irəliləyişə nail olunduğunu və danışıqların ekspertlər səviyyəsində davam edəcəyini deyib.

Sammitdə KXDR-ə qarşı sanksiyalar fikir ayrılığına səbəb olub. Görüşdən sonra Donald Tramp Şimali Koreyanın sanksiyaları tam aradan qaldırılmasını tələb etdiyini bildirib. KXDR Xarici İşlər Nazirliyi isə öz növbəsində, Pxenyanın məhdudiyyətlərin yalnız qismən ləğvini xahiş etdiyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.