MƏDƏNİYYƏT
Sinan Canan: Kitablarıma olan maraq məni çox sevindirir və daha məsuliyyətlə çalışmağa sövq edir
Bakı, 7 oktyabr, AZƏRTAC
Uzun zamandan sonra yenidən Azərbaycanda olmaqdan çox məmnunam. Burada özümü ölkəmdəki kimi hiss edirəm. Ötən müddət ərzində Bakı inanılmaz dərəcədə gözəlləşib və çox inkişaf edib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri türk araşdırmaçısı Sinan Canan söyləyib.
Bakının ev sahibliyi etdiyi sərgi ilə bağlı təəssüratlarını bölüşən Sinan Canan deyib: “Bu qədər böyük, möhtəşəm Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakımdan çox şadam. Sərgi-yarmarkada bu cür təşkilatçılıq məni çox təəccübləndirdi. Belə yarmarkaların keçirilməsi kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləmək baxımdan böyük əhəmiyyət kəsb edir. İnşallah, bundan sonrakı sərgilərdə də məmnuniyyətlə iştirak edəcəyəm. Xüsusilə qeyd etmək istəyirəm ki, Türkiyədən gələn yazar kimi burada bu qədər çox oxuyucumun olduğunu düşünmürdüm. Kitablarıma olan maraq məni çox sevindirir və daha məsuliyyətlə çalışmağa sövq edir”.