DÜNYA
Sinoptiklər “Florens” qasırğasının zəifləyəcəyini proqnozlaşdırır
Bakı, 12 sentyabr, AZƏRTAC
Atlantik okeanında yaranmış “Florens” qasırğası zəifləyəcək və Birləşmiş Ştatların sahillərinə sentyabrın 14-dən tez çatmayacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzinin Mayamidəki (Florida ştatı) ofisi məlumat yayıb. Proqnozda qasırğanın Bermud və Baham adaları arasında yayıldığı, habelə Şimali Karolina və ya Cənubi Karolinaya cümə axşamı və cümə günü çatacağı qeyd olunur. Bundan əvvəl qasırğanın Birləşmiş Ştatların sahillərinə sentyabrın 13-də çatacağı bildirilmişdi.
Cənubi Karolina ştatının rəhbəri Henri Makmaster üç yaşayış məntəqəsində məcburi təxliyəni dayandırıb. Ştatın sahil xəttinin uzunluğu 300 kilometrdir. Bundan əvvəl, Henri Makmaster təxliyənin təxminən 1 milyon insanı əhatə edəcəyini söyləmişdi.
Kanada Qasırğa Mərkəzinin proqnozuna görə, “Florens” bu ölkənin şərq sahillərinə yetişməyəcək.
“Florens” qasırğası sentyabrın 10-da Saffir-Simpson şkalasına görə, dördüncü kateqoriyaya çatıb. Qasırğanın mərkəzi Şimali Karolina sahillərindən 1260 kilometr cənub-şərqdədir. Küləyin sürəti saniyədə 54,3 metrdən 62,6 metrə çatır və saniyədə 7,6 metr sürətlə şimal-qərbə irəliləyir.
Bundan əvvəl ABŞ-ın Virciniya, Şimali Karolina, Cənubi Karolina və Merilend ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib.