DÜNYA
Şinzo Abe Rusiya ilə sülh müqaviləsinin imzalanması üzrə danışıqları sürətləndirmək niyyətindədir
Tokio, 14 noyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe Rusiya ilə sülh müqaviləsinin imzalanması ilə əlaqədar danışıqları sürətləndirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Şinzo Abe bu barədə Sinqapura yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bəyan edib. Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ACEAN) 33-cü sammitində iştirak etmək üçün noyabrın 14-də Sinqapura yola düşən Ş.Abenin orada Rusiya Prezidenti Vladimir Putinlə görüşü də nəzərdə tutulur.
Ş.Abe deyib ki, o, V.Putinlə iki ölkə arasında ərazi mübahisəsinin həlli ilə əlaqədar hərtərəfli danışıqlar aparmaq və tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün müzakirələri sürətləndirmək niyyətindədir. Baş nazir, həmçinin əlavə edib ki, ACEAN ölkələrinin sammitində o, Yaponiyanın Şimali Koreya məsələsi, azad və açıq Hind-Sakit okean regionu və azad, ədalətli qaydalara əsaslanan iqtisadi əməkdaşlıqla bağlı mövqeyini də çatdıracaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio