DÜNYA
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
Tokio, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Yaponiyanın Baş naziri Şinzo Abe ölkənin hakim Liberal Demokratik Partiyasının (LDP) üçüncü müddətə sədri seçilib.
AZƏRTAC xəbər verir ki, canlı yayımla nümayiş etdirilən səsvermədə 405 parlament və 405 regional deputat iştirak edib. Seçicilərin 553-ü Şinzo Abenin, 254 isə Şiqeru İşibanın namizədliyini dəstəkləyib.
Beləliklə, LDP hakimiyyətdə qalacağı təqdirdə Ş.Abe 2021-ci ilədək ölkə hökumətinə başçılıq edəcək. Yerli kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Ş.Abe həm partiyanın, həm də hökumətin tərkibində dəyişikliklər etməyə hazırlaşır. Seçkiöncəsi kampaniya zamanı Baş nazir bəyan edib ki, qalib gələcəyi təqdirdə o, “yeni Yaponiya qurmaq üçün” islahatlara başlayacaq.
LDP-nin Nizamnaməsinə görə, partiyanın sədri bu vəzifəni dalbadal üç dəfə üç il müddətinə tuta bilər və yalnız müəyyən fasilədən sonra bu vəzifəyə yenidən iddia edə bilər. Əgər Ş.Abe hökumətə başçılığı davam etdirsə, 2019-cu ilin noyabrında o, ən uzun müddət Baş nazir vəzifəsində qalan siyasətçi olacaq.
Xatırladaq ki, Ş.Abenin ilk Baş nazirlik dövrü 2006-cı il sentyabrın 26-dan 2007-ci il sentyabrın 26-dək davam edib. İkinci dəfə o, 2012-ci ilin dekabrında LDP-nin ümumi seçkilərdə qətiyyətli qələbəsindən sonra hökumətə başçılıq etməyə başlayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio