REGİONLAR
Şirvan Milli Parkında elmi-məlumatlandırıcı tədbir keçirilib VİDEO
Salyan, 2 fevral, AZƏRTAC
2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri günü ilə əlaqədar Şirvan Milli Parkında İDEA İctimai Birliyinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının, Azərbaycan Ornitoloji Cəmiyyətinin, Azərbaycan Turizm Agentliyinin, Salyan Rayon İcra Hakimiyyətinin, Abşeron Milli Parkının, ETSN-nin əməkdaşlarının, ekokönüllülər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə elmi-məlumatlandırıcı tədbir keçirilib.
AZƏRATC-ın bölgə müxbiri xəbər verir ki, köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, nadir quş növlərinin mühafizəsi və quşların müşahidəsi turizminin inkişafı ilə bağlı Milli Parkda açıq havada təşkil olunan elmi müzakirədən sonra iştirakçılar Şirvan Milli Parkındakı “Qızılqaz gölü” marşrutu boyu vəhşi təbiətlə tanış olub, həmçinin “Qızılqaz” gölündə quşların müşahidəsi marşrutlarında su-bataqlıq quşlarını müşahidə ediblər.
Tədbirin keçirilməsində məqsəd nadir və nəsli kəsilmək təhlükəsində olan quş növlərinin vəziyyətinin öyrənilməsi, say göstəricilərinin izlənilməsi, quşların müşahidəsi turizminə diqqətin çəkilməsi, təbii varlıqların və su-bataqlıq əraziləri ekosisteminin qorunmasının vacibliyini aşılamaqdır.
Qeyd edək ki, su-bataqlıq quşlarının yaşama yeri kimi beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri barədə Konvensiya 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində imzalanıb. Azərbaycanın Ağgöl və Qızılağac (Böyük və Kiçik Qızılağac körfəzləri) Milli Parkları mühüm su-bataqlıq əraziləri kimi Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib.