CƏMİYYƏT
Şirvan sakinindən xeyli sayda odlu silah-sursat götürülüb VİDEO
Bakı, 5 mart, AZƏRTAC
Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan şəhərində Mehman adlı şəxsin yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə məlumat daxil olub.
Baş İdarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kamalbəkov saxlanılıb. Həmin şəxsin yaşadığı evə baxış zamanı “TOZ” 8 markalı tüfəng, kustar üsulla lüləsi kəsilmiş ov tüfəngi və ona aid 7 patron və sandıqçasında 6 patron olan “Revolver” tipli tapança aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.