REGİONLAR
Şirvan şəhərində qanvermə aksiyası keçirilib
Şirvan, 24 aprel, Mahir Babayev, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasına şirvanlılar da qoşulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin işçiləri qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Şirvan Regional Bölməsində qan veriblər.
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlarla və onların valideynləri ilə görüşərək uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb.
Qanvermə aksiyasında Şirvan şəhər bələdiyyəsinin, qəsəbə bələdiyyələri və icra nümayəndəliklərinin əməkdaşları, rayonun idarə və müəssisələrinin kollektivləri, eyni zamanda, şəhər polis şöbəsinin şəxsi heyəti fəal iştirak edib.
Toplanan qan ehtiyatları tibb işçiləri tərəfindən yoxlanılacaq, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.