REGİONLAR
Şirvanda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ümumşəhər tədbiri keçirilib




















Şirvan, 5 mart, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan ümumşəhər tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhər icra hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, gənclər və idman idarəsinin, idman məktəblərinin rəhbərləri, veteranlar və gənc idmançılar Ulu Öndər Heydər Əliyevin xatirəsini ziyarət edib, abidəsi önünə gül dəstələri düzüblər.
Sonra Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında yeniyetmə və gənclərin idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları izlənilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra respublika və beynəlxalq miqyaslı yarışlarda uğur qazanmış idmançılarla görüş keçirilib, onların nailiyyətlərindən danışılıb.
Ümumşəhər tədbirində çıxış edənlər ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıdan söz açıb, əldə olunan uğurlar barədə məlumat veriblər. Qeyd olunub ki, Azərbaycanda dövlət idman siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Hazırda dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın beynəlxalq Olimpiya Hərəkatının fəal üzvlərindən biridir. Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin davamı olaraq, Şirvan şəhərində də müxtəlif idman və bədən tərbiyəsi mərkəzləri fəaliyyət göstərir, rayonun idmançıları müxtəlif turnirlərdə uğurla çıxış edirlər.
Sonra yüksək nailiyyətlər qazanmış idmançılar və məşqçilər Şirvan Şəhər İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin fəxri fərmanları ilə təltif olunub.
Təltif olunanlar idmançı və məşqçilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda Zəfər abidəsinin qarşısında xatirə şəkli çəkdirilib.