REGİONLAR
Şirvanda “Öyrənək, uşaqları da öyrədək” adlı təlim keçirilib
Şirvan, 21 may, Aydın Yavərzadə, AZƏRTAC
Yol hərəkəti qaydaları haqqında azyaşlıların məlumatlandırılması, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin öyrədilməsi, eləcə də onların sağlamlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılır.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun vəzifələri yerinə yetirmək məqsədilə BDYPİ-nin və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Şirvan Şəhər 20 saylı tam orta məktəbdə “Öyrənək, uşaqları da öyrədək” mövzusunda təlim keçirilib. Təlimdə polis əməkdaşları, Şirvan səhəri və ətraf rayonların Uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları, şöbə müdirləri, dərnək rəhbərləri iştirak ediblər. İştirakçılara müasir üsullardan istifadə edilərək “İşıqfor”, “Yolu keçmə qaydaları”, “Yol nişanları”, “İctimai nəqliyyatda davranış qaydaları” və “Yol hərəkəti iştirakçıları” mövzusunda məşğələlər keçirilib, yol hərəkəti qaydalarını azyaşlılara öyrətməyin yollarıvə görüləcək işlər müzakirə olunub.
İki gün davam edən təlimdə iştirakçılara elektron variantda təlim materialları və sertifikatlar verilib.