REGİONLAR


Şirvanda “Şuşa İli” çərçivəsində tədbir keçirilib

Şirvan, 25 may, Aydın Yavərzadə, AZƏRTAC

2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması ilə əlaqədar Şirvan şəhərində də silsilə tədbirlər davam etdirilir. Növbəti dəfə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Əlillərin Regional Bərpa Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan “Qayalar aşdıq, sənə çatdıq” adlı tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Keyfiyyətə nəzarət və xidmətin təşkili şöbəsinin müdiri Sevinc Abdullayeva, Şirvan Əlillərin Regional Bərpa Mərkəzinin direktoru Mehriban Siracova, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, əlillər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə qədim xalça və ev əşyalarının, milli, xüsusilə Şuşa mətbəxinə xas yemək və şirniyyatların, müxtəlif kitabların nümayiş etdirildiyi sərgi ilə tanış olublar. Məhdud fiziki imkanlı şəxslərin əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir Mərkəzin həyətində davam edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması ilə əlaqədar çıxışı səsləndirildikdən sonra II Qarabağ müharibəsinin veteranı Elvin Abbasov üçrəngli dövlət bayrağımızı təntənəli şəkildə tədbirə gətirib. Çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən, Qarabağın baş tacı Şuşanın azad edildiyi günün Zəfər Günü kimi tariximizə qızıl hərflərlə yazılmasından, ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşada aparılan bərpa-quruculuq işlərindən, Şuşada keçirilən musiqi festivallarından danışıblar. 2022-ci ilin “Şuşa İli” elan olunmasının hər bir azərbaycanlıda qürur və iftixar hissi yaratdığı bildirilib.

Sonra şəhər Musiqi məktəbi kollektivinin ifasında “Qarabağ şikəstəsi”, “Şuşanın dağları”, “Azərbaycan”, “Qarabağ”, “Sən elə bir zirvəsən” mahnıları səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.