REGİONLAR


Şirvanda avqust-sentyabr aylarında 84 cinayət faktı aşkarlanıb VİDEO

Şirvan, 1 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, soyğunçuluq, xuliqanlıq cinayətləri edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan ümumilikdə 84 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxslərdən 4-ü qadın olmaqla 60 nəfəri narkotiklə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 50 nəfərinə məhkəmə tərəfindən həbs qətimkan tədbiri verilib, 10 nəfər isə polis nəzarətində saxlanılıb. Qanunsuz dövriyyədən müxtəlif çəkidə narkotik vasitə və psixotrop maddələr, eləcə də yüzlərlə narkotik tərkibli həblər çıxarılıb.

Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və avtomobillərdən oğurluq edən 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11, vətəndaşlara qarşı soyğunçuluq və xuliqanlıq edən 2 və qanunsuz olaraq odlu silah saxlayan 2 nəfər tutularaq cinayət məsuliyyətinə cəlb olunub.

Həmçinin şöbə əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən kafelərin birində qumar oynayan şəxslər də müəyyən edilərək məsuliyyətə cəlb olunublar. Həmin kafeni icarə əsasında işlədən şəxs barəsində araşdırmalara başlanılıb.

Bu müddət ərzində Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə 2016-ci ildən bağlı qalmış bir oğurluq hadisəsinin də üstü açılıb.

Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.