REGİONLAR
Şirvanda kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri fəaliyyətə başlayıb
Şirvan, 16 sentyabr, Mahir Babayev, AZƏRTAC
Sentyabrın 16-da Təhsil Nazirliyinin tabeliyində olan kimya-biologiya təmayüllü Respublika liseyinin Şirvan şəhərində sinifləri açılıb. Bu münasibətlə keçirilən mərasimdə Təhsil Nazirliyinin əməkdaşı Xamis Seyranov, lisey siniflərinin rəhbəri Hüseyn Mirzəyev, şəhər təhsil şöbəsinin əməkdaşı Elçin Həsənov, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, mərasimdə çıxış edən Təhsil Nazirliyinin sektor müdiri Xamis Seyranov lisey siniflərinin yaradılmasında əsas məqsədin bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasından ibarət olduğunu bildirib.
Qeyd olunub ki, bu il yeni açılan lisey siniflərində Təhsil Nazirliyi tərəfindən keçirilmış fənn müsabiqələri və təşkil olunmuş imtahanlarda uğur qazanmış VI, VII, VIII və IX sinif şagirdləri olmaqla, 120 uşaq təhsil alacaq.
Diqqətə çatdırılıb ki, lisey siniflərində tədris prosesini Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq şəhərdə işləyən təcrübəli, eyni zamanda, diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər həyata keçirəcək.
Mərasimdə çıxış edən valideynlər ölkəmizdə təhsilin inkişafına göstərilən hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Qeyd edək ki, lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.