DÜNYA


Siyasət meydanına yeni daxil olan Çaputova Slovakiyadakı prezident seçkilərində əsas favoritdir

Bratislava, 16 mart, AZƏRTAC

Martın 16-da Slovakiyada səsvermə hüququna malik dörd milyon vətəndaş ölkənin yeni dövlət başçısını seçir.

AZƏRTAC xəbər verir ki, liberal düşərgənin təmsilçisi, ixtisasca vəkil Zuzana Çaputova seçkilərdə əsas favorit hesab edilir. Siyasət meydanına yeni daxil olan Z.Çaputova 2017-ci ildə təsis edilmiş Proqressiv Slovakiya (PS) partiyasının sədr müavinidir. Liberal, avropayönümlü və ekoloji mövzuları təbliğ edən Çaputova seçkiöncəsi sorğularda respondentlərin 50 faizindən çoxunun dəstəyini qazanıb.

13 namizədin iştirak etdiyi seçkilərdə Avropa Komissiyası prezidentinin müavini, enerji ittifaqı üzrə komissar Maroş Şefçoviçin də şansları yüksək qiymətləndirilir.

Slovakiyada seçki sorğuları adətən səsvermənin nəticəsi ilə uzlaşmasa da, ötən il jurnalist Yan Kuçiakın qətlindən sonra ölkədə ictimai fikir ikiyə parçalanıb. Ölkəsində ədalətli və vicdanlı siyasətin hakim olmasını tələb edən Çaputova apardığı seçki kampaniyasında xarici siyasətdə də avropayönümlü siyasət yürüdəcəyini vəd edib.

Bir sıra qəzetlər isə Çaputovanı 2009-cu ildə prezident seçkilərində namizədliyini irəli sürən İveta Radiçova ilə müqayisə edirlər. Həmin vaxt seçkilərin ilk mərhələsində Radiçova qalib gəlsə də, ikinci mərhələdə Prezident İvan Qaşparoviçə məğlub olmuşdu. Ekspertlər hesab edirlər ki, bu məğlubiyyətdə əsas səbəblərdən biri də konservativ ruhlu slovak seçicisinin bir qadını dövlətin ali kürsüsündə görə bilməməsidir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.