SİYASƏT


Siyasi ekspert: Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli qarşılıqlı etimad mövcuddur

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri çərçivəsində qəbul edilmiş birgə qərarlar, imzalanmış sənədlər ili ölkə arasında uzun illərə söykənən dayanıqlı münasibətlərin məntiqi nəticəsidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında “SƏS” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, prezidentlərin görüşündə bütün sahələri əhatə edən müxtəlif məsələlər barədə danışıldı və ən əsası, Belarusun ölkəmizə olan münasibəti bir sıra əhəmiyyətli aspektlərdən diqqəti cəlb etmiş oldu. Bu gün Belarus istər MDB məkanında, istərsə də dünyada öz iqtisadiyyatı, sənayesi, xüsusilə hərbi imkanları ilə mühüm gücə malik ölkələrdən hesab olunur. Əbəs deyil ki, Prezident Aleksandr Lukaşenko dövlətimizin başçısı ilə görüşündə Azərbaycanın Belarus üçün etibarlı strateji tərəfdaş olduğunu vurğuladı və bildirdi ki, Belarus Azərbaycanla dostluğu və əməkdaşlığı yüksək qiymətləndirir. Bundan başqa, Aleksandr Lukaşenko Avropanın mərkəzində Azərbaycanın mənafelərinin irəliləməsinə səmimi və açıq şəkildə kömək etməyə hazır olduqlarını qeyd etdi ki, burada təhlükəsizlik, hərbi və strateji məsələlər də yer alır.

“Ölkələrimiz arasındakı münasibətlərin məhz bu istiqamətdə qurulması yüksək etimadın göstəricisi olaraq qiymətləndirilməlidir”, - deyən “SƏS” Media Qrupun rəhbəri əlavə edib ki, Belarus Avrasiya İttifaqı və KTMT kimi təşkilatlarda əsas söz sahiblərindən biridir və hər zaman regional məsələlərdə Azərbaycanın ədalətli mövqeyindən çıxış edir. Bu amil bu yaxınlarda da öz təsdiqini tapmış oldu. Ermənistanın KTMT-də boş qalmış yeri məsələsində işğalçı ölkənin növbəti namizədinin irəli sürməsi iddiasına Belarus Qazaxıstanla birgə qəti mövqe sərgilədi və həmin mövqe qurumun sammitində erməniləri ciddi şəkildə məyusluğa uğratdı. Bununla yanaşı, Belarus Ermənistanın hazırkı rəhbərliyinə rəsmi şəkildə öz fikrini çatdıraraq, beynəlxalq siyasətin küçə siyasəti ilə bir yerdə ola bilməməsini vurğuladı. Ümumiyyətlə, görünən budur ki, belə bir dəstək artıq özü-özlüyündə ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə inkişaf etdiyini göstərir.

Bəhruz Quliyev deyib ki, Prezident İlham Əliyev Aleksandr Lukaşenko ilə görüşdə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artmasına, nəqliyyat, logistika, maşınqayırma sənayesi, neft-qaz layihələrinin həyata keçirilməsi, həmçinin digər sənaye sahələrindəki davamlı əlaqələrə toxunaraq bu dinamikanın ilbəil artdığını vurğuladı. Bütün bunlar əlbəttə ki, Azərbaycanın istər MDB məkanında, istərsə də dünyadakı nüfuzunun artmasının göstəriciləridir. Azərbaycan-Belarus münasibətləri və həmin münasibətlərdən doğan reallıqlar da birmənalı olaraq bu kimi qənaətlərə gəlməyə kifayət qədər zəmin yaratmış oldu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.