REGİONLAR
Siyəzəndə Şuşanın tarixi və zəngin mədəni irsi təbliğ olunur
Siyəzən, 6 mart, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi qədim şəhərimizin tarixi və zəngin mədəni irsinin təbliği baxımından böyük əhəmiyyət daşıyır. Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində xalqımızın Şuşa arzusu gerçəkləşib, mədəniyyət beşiyi olan şəhərimiz özümüzə qaytarılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Siyəzən rayon Mərkəzi Kitabxanasında “Şuşa İli” ilə əlaqədar təşkil olunan “Şuşa, sən azadsan” mövzusunda tədbirdə səsləndirilib.
Tədbirdə kitabxananın kollektivi, şəhid ailələri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Siyəzən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor səlahiyyətlərini icra edən Gülnar Muradova çıxış edərək 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdiyini və həmin günün hər il Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edildiyini vurğulayıb.
Bildirilib ki, ötən il Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildikdən sonra burada genişmiqyaslı abadlıq işləri görülüb, bir sıra tarixi-mədəni abidələr bərpa olunub. Bununla yanaşı, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Üzeyir Hacıbəyli musiqi festivalı və Milli Musiqi Günü Şuşada qeyd edilib. Üzeyir bəyin Şuşada yenidən ucaldılan abidəsi önündə konsert proqramı təşkil olunub. Bu konsertlərdə Xan Şuşinskinin və Azərbaycanın digər görkəmli incəsənət xadimlərinin mahnıları səslənib.
Rayon ziyalısı Sürəyya Məcidova Qarabağın döyünən ürəyi, Azərbaycan musiqisinin beşiyi Şuşanın azad olması, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edənlər xalqımızın 30 il bu Şuşa şəhərinin, Qarabağın həsrətini çəkdiyini, ancaq heç zaman ümidini itirmədiyini söyləyib. Qələbəyə, azad Şuşaya görə Azərbaycan xalqının hər zaman şəhidlərimizə, qazilərimizə və Prezident İlham Əliyevə minnətdar olacaqları dilə gətirilib.
Qazilər Akif Quliyev, Şirin Qurbanov, Kamran Allahverdiyev və Ağalar Həsənov Vətən müharibəsində keçdiyi döyüş yolları haqqında məlumat verib, şanlı ordumuzun yenilməzliyindən danışıblar.
Tədbirdə şagirdlər vətənimizə, şəhidlərə və Şuşaya həsr edilmiş seirlər və “Xudayar təsnifi”ni ifa ediblər.