REGİONLAR
Siyəzəndə “Xəmsə” milli intellektual oyunu üzrə çempionatın qalibləri müəyyənləşib
Siyəzən, 1 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə “Şuşa İli”nə həsr olunmuş “Xəmsə” milli intellektual oyunu üzrə rayon çempionatının qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən Gənclər və İdman İdarəsinin Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə birgə təşkil etdiyi bilik yarışında yeniyetmələrdən ibarət 8 komanda mübarizə aparıb.
İntellektual yarış Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin olunması, yeniyetmələrin dünyagörüşünün və intellektual səviyyəsinin artırılması, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədini daşıyıb.
Çempionatın qrup və final oyunlarının nəticəsinə əsasən “Müşfiq” komandası I, “Flaqman” komandası II, “Qarabağ” komandası isə III olub.
Yer tutan komandalar Gənclər və İdman İdarəsi tərəfindən kubok və fəxri fərmanlarla təltif ediliblər.