REGİONLAR
Siyəzəndə karantin rejimi qaydalarını pozaraq məclis təşkil edən gənclər cərimələnib VİDEO
Siyəzən, 16 iyul, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin və Daxili Qoşunlarının əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon sakini Rövşən Bağırova məxsus həyətyanı sahədə yerləşən yarım tikilidə 11 gənc tərəfindən yeyib-içmək məclisinin təşkil edildiyini aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, məclis polis əməkdaşlar tərəfindən dərhal dayandırılıb. Məclisin iştirakçıları saxlanılaraq rayon polis şöbəsinə gətirilib, burada onlarla karantin qaydaları barədə izahedici söhbətlər aparılıb.
Bundan əlavə, gənclərə son günlərdə cəbhə xəttində hərbçilərimiz tərəfindən aparılan qürurverici döyüşlər barədə məlumatlar verilib və şəhid olan soydaşlarımızın qəhrəmanlıqlarından danışıblar. Gənclərə döyüşlərin aparıldığı bu həssas dövrdə etdikləri qayda pozuntusunun cəmiyyət tərəfindən heç də xoşa gələn bir hadisə olmadığı bildirilib.
Qayda pozan gənclərin hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 200 manat miqdarında cərimə ediliblər.